Azərbaycanda təbiət fənləri üzrə dərslərin müasir təlim metodikası əsasında tədrisi və heç bir maliyyə xərcləri tələb etməyən təcrübələrin aparılması proqramı ilə müəllimlərin tanış olması istiqamətində pilot layihə həyata keçirilmişdir.

Azərbaycan müəllimlərinin bir qrupu 25 - 27 noyabr 2011-ci il tarixlərdə “Kopernik Elmi Mərkəzi”nin (Varşava) təlimçiləri tərəfindən aparılan təlim məşğələlərində iştirak etmişlər. Layihə “Təbii maraqlı dərs – Azərbaycan istiqaməti” proqramı çərçivəsində və Polşa-Amerika Azadlıq Fondunun maliyyə dəstəyi ilə “Partners Fondu” (Varşava) və “Demokratik İnkişaf Platforması”, “Təhsil Tədqiqatları Mərkəzi” (Bakı) təşkilatlarının birgə əməkdaşlığı şəraitində reallaşdırılmışdır.

İnteraktiv təlim texnologiyası əsasında şagirdlərlə aparılan işlər iştirakçılarda böyük maraq yaratmış, onlar bu innovativ metodikanı kreativ xarakter daşıması, şagirdlərin məntiqi təfəkkürünün inkişafında çox əhəmiyyətli olması, ətraf mühitə və təbiət elmlərinə şagird marağını yarada bilməsi baxımından yüksək qiymətləndirmişlər.

Qeyd edilən metodikanın dərs məşğələlərinə tətbiqi qaydaları və fizika, kimya, biologiya fənlərinə aid onlarla təcrübənin aparılması ssenariləri layihə çərçivəsində Azərbaycan dilində nəşr edilmiş müəllimlər üçün metodiki vəsaitdə öz əksini tapmışdır. Həmin vəsait bizim aparıcı təlim iştirakçılarına imkan verəcək ki, bu bilgiləri “açıq dərslər”, effektiv multiplikasiyalar vasitəsilə digər müəllimlərə də öyrədə bilsinlər, eyni zamanda pedaqoji alətlər dəstinin genişləndirilməsinin təsiri nəticəsində Azərbaycan məktəblərində təbiət elmlərinə maraq əhəmiyyətli dərəcədə arta bilsin.

Əsas məqsədimiz geniş müəllim auditoriyasını interaktiv təlim texnologiyası əsasında müasir eksperimental dərslərin keçirilməsi prosesinə cəlb etməkdir. www.lesson.org.pl internet səhifəsinin Azərbaycan bölməsi də bu məqsədlə yaradılmışdır. Bu bölmədə təbiət fənlərinə aid təlim ssenarilərinin yerləşdirilməsi nəzərdə tutulur.

Təlimlərin nəticələri artıq özünü göstərməkdədir. İştirakçılar təlim zamanı öyrəndikləri təcrübələrlə yanaşı, özlərinin düşündükləri çox sayda eksperimentləri də dərslərdə nümayiş etdirirlər. Təcrübə və ideya mübadiləsi sayəsində digər müəllimlər də prosesə qoşulurlar. Bundan başqa, Azərbaycan məktəbinin ilk şagirdləri də, artıq, eksperimental dərslərin iştirakçılarıdır.

Hadisələr

Layihənin başa çatması ilə əlaqədar Bakı görüşü

Şənbə günü, 28 yanvar 2012-ci ildə bizimlə tərəfdaş təşkilat olan “Demokratik İnkişaf Platforması”nın Bakı şəhərindəki ofisində “Təbii maraqlı dərs. Azərbaycan istiqaməti” layihəsinin yekunları ilə əlaqədar görüş keçirildi. Görüş zamanı biz Azərbaycan məktəblərində eksperimental dərslərin keçirilməsi metodikası barədə müzakirələr apardıq, eyni zamanda layihə çərçivəsində təlimlərdə iştirak etmiş müəllimlər dərs məşğələlərinin aparılmasına aid öz təcrübələrini bölüşdülər, yeni metodoloji üsullarla keçilən dərs məşğələlərinin  şagirdlərdə böyük maraq və müsbət emosiyalar yaratdığından danışdılar.

»»

»» Hadisələr